Səhih Hədislər - Oruc barəsində ayələr

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


أَعُوذُ بِاللهِ السَّمِيعِ الْعَلِيمِ مِنَ الشَّيْطاَنِ الرَّجِيمِ مِنْ هَمْزِهِ وَنَفْخِهِ وَنَفْثِهِ بِسْمِ اللَّهِ الرَّحمن الرَّحِيم

 

1) Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.

Bəqərə 183

2) Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar. )Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.

Bəqərə 184

3) İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.) Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.

Bəqərə 185

4) Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq (bu gündən) onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə (Ondan) qorxalar.

Bəqərə 187

5) Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq (verin). Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı (xəstəlikdən) əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin olduğunuz təqdirdə ümrəni (bitirib) həccə qədər (qadağan olunanlardan) istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Q(urbanlıq) tapmayanlar isə həcc əsnasında üç gün və (vətəninə) qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir.

Bəqrər 196

6) Xəta istisna olmaqla heç bir möminə (başqa) bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır. Əgər o (ölən kimsə), mömin olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, onda (qatil) mömin bir kölə azad etməlidir. Əgər o, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, onda (qatil) onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. (Bunları etməyə imkan) tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir.

Nisa 92

7) Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. (Kəffarə vermək üçün bir şey) tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra poz-duğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz.

Maidə 89

8) Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, (kəffarəsi) öldürdüyünə bənzər bir (qurbanlıq) heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, (sonra da həmin) qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruc tutmalıdır ki, öz işinin zərərini dadsın. Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə (bu günaha) qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.

Maidə 95

9) Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.

Əhzab 35

Qadınları zihar edib, sonra sözlərindən dönənlər

10) (Buna imkan) tapa bilməyən kəs, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir.

Mücadilə 4

11) Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər.

 Təhrim 5

 

 

 

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top